Sumqayıt şəhərində 2024–2025-ci tədris ilində qəbul imtahanlarında 650-dən yuxarı bal toplayan, Sumqayıt məktəblərini bitirən 69 tələbə ilə görüş keçirilib. Görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və ali məktəblərə yüksək balla qəbul olan məzunlar iştirak ediblər.
Sumqayıt Dövlət Dram Teatrında təşkil edilən tədbirdə açılış nitqi ilə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bildirib ki, ötən tədris ilində Sumqayıt şəhəri üzrə 4 467 nəfər ümumtəhsil məktəbinin 11-ci sinfini bitirərək məzun olub. Onlardan 3 916 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə sənəd verən məzunlardan 2 786 nəfəri ölkənin müxtəlif universitetlərinə qəbul olub. Şəhər üzrə 69 məzun 650-dən yuxarı, 23 məzun 670-dən yuxarı, 11 məzun isə 680-dən yuxarı bal toplayıb. Ümumilikdə 194 məzun 600-dən yuxarı nəticə göstərib.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb və gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Şəhər rəhbəri son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb, bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Zakir Fərəcov əlavə edib ki, son illər Sumqayıtda təhsil infrastrukturu müasir tələblərə uyğun yenilənib, yeni məktəb binaları inşa edilib, mövcud məktəblər əsaslı təmir olunub, sinif otaqları və laboratoriyalar ən müasir avadanlıqlarla təchiz edilib. O, yeni tədris ilinə qədəm qoyan şagirdləri də təbrik edərək onların da gələcəkdə yüksək nəticələr göstərib ali məktəblərə qəbul olmalarını arzulayıb.
Digər çıxış edənlər də şagirdlərə uğurlar arzulayıblar. Sonda ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə qiymətli hədiyyələr təqdim edilib.