Fevralın 20-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi start götürür.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Müsahibə zamanı namizədlər ümumilikdə 7 əsas meyar üzrə qiymətləndiriləcəklər. Buraya liderlik və strateji idarəetmə, pedaqoji və tədris bacarıqları, idarəçilik və təşkilatçılıq qabiliyyəti, ünsiyyət və əlaqə qurma bacarığı, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji savadlılıq, eləcə də sosial və emosional bacarıqlar daxildir.
Namizədlər mərhələyə ardıcıllıq prinsipi əsasında dəvət olunacaqlar. Ali təhsil səviyyəsi, pedaqoji staj, qiymətləndirmə göstəriciləri və müraciət edilən məktəbdəki şagird sayı əsas meyarlar kimi nəzərə alınacaq.
Qeyd edək ki, ilk 6 gün ərzində keçiriləcək müsahibələr üçün dəvətlər artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Təhsil sistemində rəhbərlik uğrunda mübarizə indi real sınaq mərhələsinə keçir.

