2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi 25 fevral saat 15:00-dan etibarən başlayacaq.
Bu barədə Azərbaycan Dövlət Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məlumat yayıb.
Bildirilib ki, yerdəyişmə prosesi hazırlıq qruplarını və 1-10-cu sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin köçürülməsi www.sy.edu.az. portalı vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Qeyd olunub ki, 25 fevral tarixindən etibarən 11-ci sinif şagirdlərinin yerdəyişməsi aparılmayacaq. Bundan əlavə, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının yaxınlaşması nəzərə alınaraq, 9-cu sinif şagirdlərinin yerdəyişməsi 5 mart saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək bərpa olunmayacaq.

