Dövlət İmtahan Mərkəzi avqustun 9-da rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirib. İmtahan ilk dəfə elektron formada təşkil olunub.
DİM-in məlumatına görə, imtahan Bakıda Mərkəzin Elektron İmtahanlar Korpusunda və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilib.
Qeydiyyatdan keçən 996 namizəddən 5-i imtahanda iştirak etməyib. Nəticələrə əsasən, ixtisas fənləri üzrə 50 və daha çox bal toplayan 827 namizəd ixtisas seçiminə buraxılıb.
Namizədlər imtahan başa çatdıqdan dərhal sonra nəticələri ilə tanış ola biliblər. Nəticələr DİM-in saytında da yerləşdiriləcək.
Rezidenturaya qəbul üzrə ixtisas seçimi avqustun 12-dən 16-dək aparılacaq. Müsabiqə şərtlərini ödəyən namizədlər elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsillərinə uyğun ixtisasları seçməli və seçimlərini təsdiqləməlidirlər.
İmtahan nəticələrindən apellyasiya vermək istəyən namizədlər 11 və 12 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi ilə DİM-in Bakıdakı inzibati binasına və ya regional bölmələrinə müraciət edə bilərlər.

