Azərbaycanda 2026–2027-ci tədris ilində bir sıra fənlər üzrə məzmunu yenilənmiş dərsliklərdən istifadə olunacaq.
Bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib.
Yeni tədris ilində IV siniflərdə “Həyat bilgisi”, VII siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “İngilis dili” və “Azərbaycan tarixi”, VIII siniflərdə “Coğrafiya”, IX siniflərdə isə “Biologiya”, “Fizika” və digər fənlər yenilənmiş dərsliklər əsasında tədris ediləcək.
Yeni dərsliklər hazırlanarkən yalnız nəzəri biliklərin mənimsənilməsinə deyil, şagirdlərin həmin bilikləri real həyat situasiyalarında tətbiq edə bilməsinə xüsusi diqqət yetirilib.
Məzmun problem həlli, araşdırma aparmaq, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına istiqamətləndirilib.
Bundan başqa, yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığı inkişaf etdirən tapşırıqların sayı artırılıb.
Maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, eləcə də kibertəhlükəsizlik kimi aktual mövzular dərsliklərin məzmununa daha sistemli şəkildə inteqrasiya olunub.

