Bu gündən – sentyabrın 15-dən minatəmizləmə zamanı həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsini nəzərdə tutan yeni qaydalar qüvvəyə minib.
Dəyişikliklər Vergi Məcəlləsinə, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlara edilən əlavələri əhatə edir. Müvafiq qanun layihəsi aprelin 27-də qəbul edilib.
Yeni qaydalara əsasən, minatəmizləmə işləri zamanı partlayıcı sursatın işə düşməsi nəticəsində baş verən bədbəxt hadisələrdə həlak olan və ya aldığı xəsarətlərdən sonradan vəfat edən minatəmizləyənlərin 23 yaşınadək övladlarının təhsil haqqını dövlət ödəyəcək.
Güzəşt Azərbaycanda dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan şəxslərə şamil ediləcək. Əlavə təhsil üzrə ödənişlər isə bu güzəştə daxil deyil.
Qanun qüvvəyə minənədək minatəmizləmə zamanı həlak olmuş və ya aldığı xəsarətlər nəticəsində vəfat etmiş minatəmizləyənlərin 23 yaşınadək övladları da bu hüquqdan yararlana biləcəklər.

