Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad 2 nömrəli tam orta ümumtəhsil məktəbində təhsilə sevgi təhlükəsiz və nizamlı mühitdən başlayır.
Qeyd edək ki, məktəb 29 ildir fəaliyyət göstərir. Ötən illər ərzində məktəbin əsas məqsədlərindən biri şagirdlərin yalnız bilik əldə etməsi yox, eyni zamanda sağlam, təhlükəsiz, məsuliyyətli və nizamlı mühitdə təhsil alması olub.
Hazırda məktəbdə şagirdlərin təlim-tərbiyəsinə, təhlükəsizliyinə və nizam-intizamına xüsusi diqqət yetirilir. Məktəb rəhbərliyi hesab edir ki, keyfiyyətli təhsil üçün ilk növbədə şagirdin özünü rahat və təhlükəsiz hiss etdiyi, qaydalara əməl etdiyi sağlam təhsil mühiti formalaşdırılmalıdır.
Bu məqsədlə məktəbdə tətbiq olunan qaydalardan biri də şagirdlərin mobil telefonlarından istifadə ilə bağlıdır. Şagirdlər məktəbə daxil olarkən mobil telefonlarını təhvil verirlər. Bu qaydanın əsas məqsədi onların dərs prosesinə diqqətinin artırılması, diqqəti yayındıran amillərin minimuma endirilməsi və tədrisin daha səmərəli təşkilinə şərait yaradılmasıdır.
Məktəbdə təhlükəsizlik və nizam-intizam yalnız şagirdlərlə məhdudlaşmır. Təhsil müəssisəsinin əməkdaşlarının giriş-çıxışına da xüsusi nəzarət olunur. İşçilər müəssisəyə QR-kod sistemi vasitəsilə daxil olur və çıxış edirlər. Bu sistem iş vaxtının uçotunun daha dəqiq aparılmasına, əməkdaşların giriş-çıxışının sistemli şəkildə nəzarətdə saxlanılmasına və məktəbdə təhlükəsizliyin daha da gücləndirilməsinə imkan yaradır.
Məktəbdə tətbiq olunan bu yanaşmaların əsas fəlsəfəsi isə sadədir: təhsilə sevgi yalnız dərs keçməklə yox, şagird üçün düzgün, təhlükəsiz və məsuliyyətli mühit yaratmaqla başlayır.
Çünki bura uşaqların şəxsiyyət kimi formalaşdığı, məsuliyyət, intizam və qarşılıqlı hörmət kimi dəyərləri mənimsədiyi mühüm bir mühitdir.
Mehdiabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində də əsas məqsəd şagirdlərin vaxtını və diqqətini səmərəli təşkil etməklə yanaşı, onların təhlükəsizliyini təmin etmək və təhsil prosesinin keyfiyyətini yüksəltməkdir.
Məktəbin əsas hədəfi şagirdlər üçün təhlükəsiz, nizamlı və sağlam təhsil mühiti yaratmaq, eyni zamanda onların keyfiyyətli təhsil alması üçün bütün imkanları səfərbər etməkdir.
Bu yanaşma göstərir ki, təhsilə sevgi yalnız yüksək nəticələrlə ölçülmür. Təhsilə sevgi həm də hər bir şagirdin təhlükəsizliyinə, intizamına, gələcəyinə və layiqli şəxsiyyət kimi yetişməsinə göstərilən diqqətdir.
Nizami Rəsulov
Denmedia.az

