ABŞ Müdafiə Nazirliyinə yaxın sosial media hesabının İranla bağlı paylaşımı narahatlıq doğurub. Paylaşımda bu ölkəyə yeni hərbi müdaxilə anonsu verilib.
ABŞ-ın İslam Respublikasına ikinci hava hücumunun qaçılmaz olduğu vurğulanıb. Həmçinin İrandakı bütün ABŞ vətəndaşlarına ölkəni tərk etmək çağırışı edilib.
İkinci hücum iddiası mövcud vəziyyətdə nə dərəcədə reallığa uyğun görünür? Bu, hansı əsaslarla mümkün ola bilər?
Den.az xəbər verir ki, Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, ümumiyyətlə sosial mediada yayılan və adətən “Müdafiə Nazirliyinə yaxın mənbə” adı ilə verilən bu tip xəbərlər ciddi analiz tələb edir:
ABŞ-ın İrana ikinci hava hücumu qaçılmazdır” və vətəndaşlara “İranı dərhal tərk edin” çağırışı kimi formalaşdırılmış xəbər, həm informasiya müharibəsinin tərkib hissəsi, həm də psixoloji təzyiq vasitəsi ola bilər.
Digər tərəfdən belə bir hərbi hücumun həyata keçirməsi üçün bir neçə zəmin lazımdır.
Vüqar Zifəroğlu
İlk növbədə, ABŞ və İsrailin son 12 günlük müharibədə əldə etdikləri hərbi nailiyyətlərə baxmayaraq, İranın tam sıradan çıxarılması və ya rejim dəyişikliyi kimi strateji məqsədlər üçün bu zəmin kifayət deyil. Həmçinin genişmiqyaslı hava hücumu üçün əhatəli koordinasiya, beynəlxalq dəstək və İran daxilində sabitliksizlik tələb olunur, lakin indiki məqamda bunlar yoxdur.
Diplomatik və siyasi zəmin də hazırda belə bir müdaxilə ehtimalını zəiflədir. Beynəlxalq ictimaiyyət – xüsusilə region ölkələri, Avropa İttifaqı, Rusiya və Çin belə bir addıma qarşı çıxacaq. Unutmaq olmaz ki, Yeni hücum regionda neftin qiymətində ciddi artım, Hörmüz boğazının bağlanması və İsrailin təhlükəsizliyi üçün əks zərbə riski yaradacaq”.