Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-dan silah tədarükü ilə bağlı paylaşımı diqqət çəkib. O, Kiyev hökumətinin Vaşinqtonla silah təchizatı məsələsinin bütün detalları dəqiqləşdirdiyini söyləyib.
Ukrayna prezidenti bildirib ki, iki ölkə arasında müdafiə dəstəyinin, o cümlədən hava hücumundan müdafiə komponentinin tədarükü ilə bağlı bütün məsələlər aydınlaşdırılır. Zelenski əks halda Ukraynanın öz müdafiəsini təmin etməli olduğunu söyləyib. Onun sözlərinə görə, tərəflər xüsusilə hava hücumundan müdafiə sistemlərinin tədarükünü müzakirə edirlər.
Vaşinqton Kiyevlə bağlı qərarını gözdən keçirə və silah tədarükünü bərpa edə bilərmi?
Den.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Ağ Evin belə bir addım atması gözlənilirdi:
“ABŞ eyni anda bir neçə cəbhəyə dəstək verə bilməz. Məsələ ondadır ki, İsrail və İran arasında döyüşlərin yenidən aktivləşəcəyi, hətta daha kəskin formatda başlayacağı ilə bağlı məlumatlar var. ABŞ da son günlər regiona ciddi şəkildə silah-sursat cəlb edir. Böyük ehtimalla Ukrayna ilə bağlı məsələdə gecikmənin səbəbi budur.
Əziz Əlibəyli
Bu, şübhəsiz, Rusiyanın arzuladığı senaridir. Belə ki, Kreml Ukrayna müharibəsində əlini daha da sərbəst buraxa bilər. Lakin belə qərar Kiyev üçün arzuolunan deyil. Hər halda, ABŞ -ın diqqəti Yaxın Şərqə yönəlir və Ukrayna hökuməti bu prosesdən narahatdır”.