Almaniya, Finlandiya və ümumilikdə Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə mexanizmini sürətlə gücləndirməyə çalışdığı müşahidə olunur. Məlumata görə, xüsusilə Almaniya “Deutschland” kimi tanınan gizli plan çərçivəsində hazırlıqlar görür.
Ölkənin bütün nəqliyyat və enerji infrastrukturun səfərbər ediləcəyi, 48 saat ərzində 800 minə qədər NATO əsgərinin və 200 minə yaxın texnikanın cəbhə bölgələrinə daşınmasının planlandığı deyilir.
Maraqlıdır ki, Finlandiya da NATO-ya üzv olduqdan sonra hərbi istehsalını artıraraq, müdafiə sahəsində aktiv rol oynamağa başlayıb.
Avropa nəyə hazırlaşır? Bu təcili və günişmiqyaslı tədbirlərin səbəbi nədir?
DenMedia.az xəbər verir ki, bunu Gloalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Avropada son aylar müşahidə olunan hərbi hərəkətlilik və strateji planlamalar qitənin yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq cəhdlərinin bariz nümunəsidir:
“Fransanın Səhiyyə Nazirliyindən sızdırıldığı iddia edilən məktubda Aİ ölkələrinin “müharibədən əvvəlki rejim”ə keçidindən bəhs olunması, ictimaiyyət arasında ciddi rezonans doğurub. Bu, təkcə daxili hazırlıq mexanizmlərinin deyil, həm də qlobal güc balansının Avropa mərkəzli şəkildə yenidən qurulduğunu göstərir. Xüsusilə Almaniyanın “Deutschland” kod adlı gizli planı diqqət çəkir. Berlinin 48 saat ərzində 800 minə qədər NATO əsgəri və 200 min texnika vahidini cəbhə bölgələrinə daşımaq üçün bütün nəqliyyat və enerji infrastrukturunu səfərbər etmək planı Avropada müharibə ssenarisinin artıq masada olduğunu göstərir. Bu, İkinci Dünya müharibəsindən (1939-1945) sonra Almaniyanın ən genişmiqyaslı hərbi-logistika planlaması hesab oluna bilər.
NATO-ya yeni qoşulan Finlandiya da bu prosesdə aktiv rol alır. Rusiya ilə uzun sərhədi olan ölkə, müdafiə sənayesini genişləndirərək, həm texniki istehsal gücünü artırır, həm də şimal istiqamətində alyansın ön xəttinə çevrilir. Finlandiyanın addımları Baltik regionunda qüvvələr balansını dəyişdirə biləcək strateji dəyişikliklər yaradır”.
Politoloq bildirib ki, bu hərbi aktivləşmənin bir neçə əsas səbəbi ola bilər:
“Vacib amillərdən biri Rusiya faktorudur. Ukrayna müharibəsi davam etdiyi müddətdə Moskvanın Avropaya qarşı daha genişmiqyaslı hərbi addımlar ata biləcəyi ehtimalı Aİ-də ciddi narahatlıq yaradır. Əsas məqamlardan biri də NATO-nun şərq cinahıdır. Alyansın yeni təhlükəsizlik konsepsiyası şərq istiqamətində tam hazır vəziyyətdə olmağı tələb edir. Bu, Avropada sürətli hərbi səfərbərlik mexanizmlərinin sınaqdan keçirilməsinə gətirib çıxarır.
Elman Telmanoğlu
Əsas amillərdən biri də enerji və logistika təhlükəsizliyidir. Avropa müharibə şəraitində həm daxili enerji təchizatını, həm də nəqliyyat infrastrukturunu qorumağın zəruriliyini anlayır. Almaniyanın planı bunun bariz nümunəsidir. Bu prosesdə psixoloji amil faktoru da var ki, Avropa ictimaiyyətini mümkün böhran və ya müharibə ssenarisinə hazırlamaq məqsədilə dövlətlər “müharibədən əvvəlki rejim” ritorikasını gücləndirir”.
E.Telmanoğlu əlavə edib ki, Avropadakı hərbi hərəkətlilik sadəcə regional miqyaslı təlim və ya siyasi jest deyil:
“Bu, qitənin yeni təhlükəsizlik memarlığının formalaşdırılmasıdır. NATO çərçivəsində koordinasiya olunan proses Avropa ölkələrinin müharibə riskini real hesab etdiyini və buna qarşı sistemli şəkildə hazırlaşdığını ortaya qoyur. Hazırkı addımlar həm də qlobal güc bölgüsündə Aİ-nin yalnız diplomatik deyil, hərbi çəkisini də artırmaq niyyətində olduğunu təsdiqləyir. Bu isə yaxın illərdə qitədə təhlükəsizlik gündəliyinin daha da sərtləşəcəyini göstərir”.