ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə apardığı danışıqları yüksək qiymətləndirərək, görüşlərin beynəlxalq təhlükəsizlik və regional sabitlik baxımından mühüm nəticələr verə biləcəyini bildirib.
Denmedia.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov deyib ki, Tramp və Putin arasında bir-birinə dərin simpatiya var:
“Onların hər ikisi sağçı, hər ikisi əksər məsələlərlə bağlı ənənəvi yanaşmanın tərəfdarıdırlar. ABŞ-ın yeni təhlükəsizlik doktrinasını oxusanız, başa düşəcəksiniz ki, bundan sonra Avrasiyada Avropa və Rusiya üz-üzə qalacaqlar. Ukrayna məsələsinin aqibəti Trampa çoxdan bəllidir və bu baxımdan Rusiya lideri ilə təxminən eyni cümlələri dəfələrlə bəyan ediblər.
Danışıqlar həm ABŞ-Rusiya, həm ABŞ-Ukrayna arasında davam edir, lakin ciddi fikir ayrılıqları var. Gözlənildiyi kimi, müharibə 2025-ci ildə bitmədi və hələ davam edəcək.
Bəziləri Trampı günahlandırıb deyirlər ki, hakimiyyətdə Demokratlar olsaydılar, başqa cür olardı. Amma məsələ burasındadır ki, münaqişənin bu mərhələdəki həlli əvvəlcədən bəllidir və ABŞ-da kim olursa olsun, aşağı-yuxarı eyni mövqeyi ortaya qoyacaqdı”.

