Rusiya, ABŞ və Ukrayna arasında aparılan danışıqlar hazırkı mərhələdə bir çoxlarının düşündüyündən daha çox nəticə verə bilər.
Bu barədə Politico amerikalı və ukraynalı danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən yazır.
Mənbələrin qiymətləndirməsinə görə, mövcud danışıqların əvvəl hesab edildiyindən daha ümidverici olduğuna dair əlamətlər var və əslində hər iki tərəf daha konstruktiv mövqe nümayiş etdirir.
Gözlənilir ki, təhlükəsizlik məsələləri üzrə Rusiya–ABŞ–Ukrayna üçtərəfli işçi qrupu 4 fevral tarixində Əbu-Dabidə görüş keçirəcək. Məlumata görə, məsləhətləşmələr 5 fevralda da davam edə bilər.
Rusiya nümayəndə heyətinin tərkibi əvvəlki görüşdə olduğu kimi qalacaq. Nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

