Dövlət Gömrük Komitəsi (DGK) Dubay–Bakı reysi ilə gələn sərnişinin baqajına baxış keçirilməsi zamanı baş vermiş insidentlə bağlı məlumat yayıb.
Denmedia.az xəbər verir ki, komitənin məlumatına əsasən, noyabrın 20-də sözügedən reyslə Bakıya gələn sərnişinlər, o cümlədən Azərbaycan vətəndaşı Eldur Hüseynov Gömrük Məcəlləsinin 92-2.6-cı maddəsinə uyğun olaraq gömrük yoxlamasına dəvət ediliblər.
DGK-nın bildirdiyinə görə, E.Hüseynov özü ilə gətirdiyi əşyaları yoxlamaya təqdim etməkdən imtina edib, gömrük nəzarətinin həyata keçirilməsinə mane olub və etirazını aqressiv şəkildə ifadə edib.
Əşyaların yoxlanılması və eyniləşdirilməsi zamanı yaranan çətinliklər, eləcə də gömrük prosedurlarında gecikmələrin qarşısını almaq məqsədilə vətəndaşın baqajı digər gömrük nəzarəti zonasına yönləndirilib.
Komitədən bildirilib ki, sərnişinin etik davranış qaydalarına əməl etməməsi ilə əlaqədar müvafiq akt tərtib olunub və hüquq-mühafizə orqanlarına müraciət edilib.
Bundan əlavə, Eldur Hüseynovla Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir neçə dəfə görüş keçirilib. Görüşlər zamanı hadisənin başvermə şəraiti müzakirə olunub və vətəndaşa gömrük qaydaları izah edilib.

