Noyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti barədə məlumat yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən Denmedia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli zəif yağış yağacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyini axşam şimal-şərq küləyi əvəz edəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə zəif yağıntı ehtimalı var. Gecə və səhər ayrı-ayrı ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 14-18 dərəcə isti, dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 5-10 dərəcə isti olacaq.

