ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyatla bağlı çıxışı zamanı mövzunu gözlənilmədən dəyişərək Ağ Evin yeni bal zalından danışıb.
Bu barədə Independent nəşri mərasimin yayımından fraqment paylaşaraq diqqət çəkib.
Mərasim 2 mart tarixində Ağ Evdə keçirilib və ssenariyə əsasən Tramp xaricdəki silahlı münaqişələrdə iştirak etmiş amerikalı hərbçilərin xatirəsini yad etməli idi. O, çıxışında ABŞ-ın İsraillə birlikdə İrana qarşı apardığı hərbi əməliyyatlardan söz açıb. Lakin daha sonra söhbəti qəfil şəkildə Ağ Evin Şərq qanadında inşa edilən yeni bal zalına yönəldib.
Tramp bildirib ki, təxminən 400 milyon dollara başa gələcək zal qızılı çalarlı dəbdəbəli pərdələrlə bəzədiləcək və bu dizaynı hələ ilk prezidentlik dövründə seçib.
“Mən həmişə qızılı rəngi sevmişəm”, – deyə Tramp vurğulayıb.
O əlavə edib ki, təmirdən sonra Ağ Evdə “dünyanın ən gözəl bal zalı” olacaq.

