ABŞ prezidenti Donald Tramp İranla mümkün hərbi əməliyyatların uzanaraq “Vyetnam ssenarisinə” çevrilməsi ehtimalından narahat olmadığını bildirib.
Bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Xeyr, bundan qorxmuram (...). Mən ümumiyyətlə heç nədən qorxmuram”, — deyə Donald Tramp vurğulayıb.
Məlumata görə, Tramp İran ərazisinə qoşun göndərilməsi halında əməliyyatların uzunmüddətli münaqişəyə çevrilə biləcəyi ilə bağlı sualı cavablandırıb.
The New York Times yazır ki, Ağ Ev İranda məhdudmiqyaslı hərbi əməliyyat variantlarını nəzərdən keçirir və bu ssenarilər demək olar ki, hərbi qüvvələrin İran ərazisində iştirakını tələb edə bilər.
Müzakirə olunan variantlar arasında İranın neft ixracında əsas rol oynayan Xark adasına nəzarətin ələ keçirilməsi və İsfahandakı nüvə obyektinə qarşı əməliyyat da var.
Qeyd olunur ki, İsfahandakı obyekt İranın zənginləşdirilmiş uran ehtiyatlarının saxlandığı məkanlardan biri hesab olunur.

