Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri Konqoda Ebola qızdırmasına 550 yoluxma halını təsdiqləyiblər. Bunu səhiyyə sahəsində fövqəladə hallarla bağlı xəbərdarlıq və reaksiya idarəsinin direktoru Abdirahman Mahamud bildirib. ÜST-ün mətbuat xidmətinin məlumatına görə, xəstəlik nəticəsində 101 nəfər həyatını itirib.
Mahamudun açıqlamasında deyilir:
İyunun 8-nə olan məlumata görə, DRK-da 550 təsdiqlənmiş yoluxma halı, 101 ölüm faktı və 19 sağalma halı qeydə alınıb.
ÜST nümayəndəsi qeyd edib ki, epidemiya hələ də əsasən İturi vilayətində cəmləşib. Bu regionun payına 487 təsdiqlənmiş yoluxma halı düşür ki, bu da ümumi yoluxmaların 94 faizi deməkdir.
Mahamudun sözlərinə görə, aşkarlanan yoluxma hallarının artması testlərin genişləndirilməsi və təmasların izlənməsi ilə bağlıdır. O, həmçinin bildirib ki, təxminən 100 şübhəli halın təsdiqlənməsi və ya istisna edilməsi üçün araşdırmalar davam etdirilir.
Təşkilat DRK-ya 100-dən çox mütəxəssis göndərib. Onların arasında logistika ekspertləri, epidemioloqlar, klinik yardım sahəsində çalışan həkimlər və vaksin tədqiqatçıları var.
Bundan başqa, ölkəyə 40 ton avadanlıq və tibbi ləvazimat çatdırılıb. Bu yüklər tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi, laboratoriya və diaqnostika imkanlarının gücləndirilməsi üçün nəzərdə tutulub. Həmçinin onlar xəstəxanaların fasiləsiz fəaliyyətini təmin edən vasitələrlə təchiz olunmasına xidmət edir.

