ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərə edilən hər hücuma görə İrandakı bir körpünün və ya elektrik stansiyasının bombalanaraq məhv ediləcəyini bildirib.
Bu barədə “The Insider” məlumat yayıb. Tramp xəbərdarlığını iyulun 22-də “Truth Social” platformasında paylaşıb. Məlumatı “Reuters” də təsdiqləyib.
ABŞ prezidentinin sözlərinə görə, İran Hörmüz boğazında hər hansı gəmiyə raket, pilotsuz uçuş aparatı və ya digər silahla hücum edərsə, Vaşinqton buna İranda bir körpünü və ya elektrik stansiyasını vurmaqla cavab verəcək.
Tramp hədəflər arasında Tehranda və paytaxtın yaxınlığında yerləşən obyektlərin də ola biləcəyini vurğulayıb.
Açıqlama ABŞ və İran arasında müvəqqəti atəşkəs razılaşmasının pozulduğu, Hörmüz boğazına nəzarət uğrunda gərginliyin yenidən artdığı bir vaxta təsadüf edib.
“The Insider”in “MarineTraffic” məlumatlarına istinadən yazdığına görə, boğazda kommersiya gəmilərinin hərəkəti çətinləşsə də, tam dayanmayıb. İyulun 21-də boğazdan doqquz, əvvəlki sutkada isə 22 gəmi keçib.
Bəzi beynəlxalq hüquq ekspertləri körpülər və elektrik stansiyaları kimi mülki infrastruktura hücum təhdidlərinin beynəlxalq hüquqa zidd ola biləcəyini bildiriblər.
Gərginlik enerji bazarlarına da təsir göstərib. Brent markalı neftin qiyməti iyulun 22-də qısa müddətə bir barel üçün 95 dolları keçərək son altı həftənin ən yüksək səviyyəsinə çatıb.

