Britaniyanın Radio Caroline radiostansiyasında əməkdaşın səhvi nəticəsində Kral III Çarlzın vəfat etməsi barədə yanlış məlumat efirə verilib.
Britaniyanın media tənzimləyicisi Ofcom-un araşdırmasına görə, hadisə mayın 19-da baş verib. Əməkdaş monarxın real ölüm halında istifadə olunması üçün əvvəlcədən hazırlanmış matəm anonsunu sadəcə maraq üçün işə salıb və onun canlı efirə gedəcəyini anlamayıb.
Yanlış ölüm xəbərindən sonra Britaniya himni səsləndirilib, ardınca isə 16 dəqiqəlik sükut yaranıb.
Vəziyyəti çətinləşdirən məqamlardan biri aparıcının proqramı uzaqdan idarə etməsi olub. Səhvi anlayan əməkdaş panikaya düşərək ofisi tərk edib, radiostansiya isə məlumatı yalnız təxminən yarım saat sonra təkzib edib.
Ofcom Radio Caroline-in yayım qaydalarının iki bəndini — yanlış məlumatın yayımlanması və səhvin vaxtında düzəldilməməsini pozduğunu müəyyən edib.
Radiostansiyaya sanksiya tətbiq olunmayıb, hadisəyə səbəb olan əməkdaşa isə töhmət verilib.

