Masazır qəsəbəsində 38 yaşlı Xəyalə Əliyevanın guya xəstəxanada vurulan iynədən sonra vəfat etməsi ilə bağlı yayılan iddialara rəsmi münasibət bildirilib.
Abşeron Rayon Mərkəzi Xəstəxanasından Denmedia.az-a verilən məlumata görə, mərhum 15 mart 2026-cı il tarixində saat 23:41 radələrində tibb müəssisəsinə müraciət edib.
Həkim müayinəsindən sonra ona Ringer laktat məhlulu ilə serum köçürülüb.Bildirilib ki, tibbi prosedur başa çatdıqdan sonra pasiyent özünü normal hiss etdiyini bildirib və daha sonra xəstəxananı tərk edərək evinə gedib.
Tibb müəssisəsinin açıqlamasında vurğulanır ki, Ringer laktat məhlulu tibbdə geniş istifadə olunan və insan həyatı üçün təhlükə yaratmayan standart məhlullardan biridir. Bu səbəbdən həmin məhlulun vurulmasının ölümə səbəb olması ehtimalı mümkün hesab edilmir.
“Pasiyentin xəstəxanada vurulan iynədən dərhal sonra vəfat etməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir. Mümkündür ki, mərhumun əvvəldən mövcud olan ağır xəstəliyi olub və bu barədə tibbi heyətə məlumat verilməyib”, – deyə açıqlamada qeyd olunub.
Xəstəxanadan həmçinin bildirilib ki, hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq araşdırmalar aparıla bilər və yalnız rəsmi ekspertiza nəticələri yekun qərar üçün əsas sayılır.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi məlumat mənbələrində Xəyalə Əliyevanın guya xəstəxanada vurulan iynədən sonra vəfat etdiyi iddia olunurdu. Tibb müəssisəsi isə bu məlumatların tamamilə yanlış və əsassız olduğunu bildirib.
Nizami Rəsulov
Denmedia.az

