Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) yeni tədris ili ərəfəsində kirayə mənzil axtaran tələbələri dələduzluq halları ilə bağlı xəbərdar edib.
DİN-dən bildirilib ki, yeni tədris ilinin başlaması yaxınlaşdıqca tələbələr arasında kirayə mənzillərə tələbat əhəmiyyətli dərəcədə artır. Dələduzlar da bundan istifadə edərək müxtəlif onlayn platformalarda saxta kirayə elanları yerləşdirirlər.
Belə elanlarda mənzillər adətən cəlbedici qiymətə təklif olunur və vətəndaşdan evi “saxlamaq” üçün beh və ya ilkin ödəniş tələb edilir. Pul köçürüldükdən sonra isə elan sahibi ilə əlaqə kəsilir, zəng və mesajlara cavab verilmir.
DİN tələbələri və digər vətəndaşları elanın həqiqiliyini yoxlamadan, mənzilə baxmadan və ev sahibinin kimliyini müəyyənləşdirmədən pul köçürməməyə çağırıb.
Bazardakı qiymətlərdən xeyli ucuz təklif olunan mənzillərlə bağlı xüsusilə diqqətli olmaq tövsiyə edilir. Həmçinin “başqa müştəri var”, “indi beh göndərməsəniz, ev veriləcək” kimi bəhanələrlə təcili ödəniş tələb edən şəxslərin təzyiqinə aldanmamaq məsləhət görülür.
Belə hallarla qarşılaşan vətəndaşlara dərhal polisə müraciət etmək tövsiyə olunur.

