İranın ələ keçirdiyi ABŞ-a məxsus Dive-LD avtonom sualtı aparatını tərs mühəndislik yolu ilə öyrənməyə çalışacağı ehtimal edilir. Hadisə həm Pentaqon, həm də aparatı istehsal edən “Anduril” şirkəti üçün uğursuzluq kimi qiymətləndirilir.
“Reuters”in məlumatına görə, söhbət uzunmüddətli müşahidə, dəniz dibinin xəritələnməsi, kəşfiyyat və digər sualtı əməliyyatlar üçün nəzərdə tutulan Dive-LD aparatından gedir. Bu pilotsuz sualtı vasitə günlərlə avtonom işləyə bilir.
İranın belə texnologiyanı araşdırmaq təcrübəsi daha əvvəl də olub. 2011-ci ildə Tehran ABŞ-ın RQ-170 Sentinel pilotsuz kəşfiyyat təyyarəsini ələ keçirmiş, daha sonra onun əsasında tərs mühəndislik apardığını və oxşar yerli modellər hazırladığını bildirmişdi.
Analitiklər hesab edirlər ki, Dive-LD-nin ələ keçirilməsi İrana həlledici hərbi üstünlük verməyə bilər. Lakin aparatın mexaniki və texnoloji xüsusiyyətlərinin öyrənilməsi Tehran üçün müəyyən fayda yarada bilər. Hadisə eyni zamanda İran üçün təbliğat üstünlüyü, Vaşinqton üçün isə texnoloji nüfuz itkisi kimi qiymətləndirilir.

