ABŞ Prezidenti Donald Tramp Konqresin qəbul etdiyi və Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 18-də qüvvəyə minən sənəd Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqini, eləcə də mövcud sanksiyaların, gömrük rüsumlarının və qadağaların genişləndirilməsini nəzərdə tutur. Bundan əlavə, sənəd İrana qarşı sanksiyaların müddətini uzadır.
Bu qərar Vaşinqtonun Moskvaya qarşı iqtisadi və siyasi təzyiqi gücləndirmək siyasətinin davamıdır. Yeni məhdudiyyətlər paketi Rusiya iqtisadiyyatının müxtəlif sektorlarını əhatə edə bilər.
Moskva dəfələrlə sanksiya təzyiqinin nəticəsiz olduğunu bildirib və cavab tədbirləri görəcəyini bəyan edib.
Rusiya tərəfi hələlik sənədin imzalanmasına münasibət bildirməyib.

