İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərkən ABŞ nümayəndəsi zalı tərk edib.
Hadisə Tehran və Vaşinqton arasında gərginliyin davam etdiyi bir vaxtda baş verib.
Türkiyə mətbuatının məlumatına görə, Pezeşkian sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasına çıxıb. İran liderinin çıxışına başlamasından sonra ABŞ nümayəndəsinin iclas zalından ayrılması diqqət çəkib.
Pezeşkian çıxışında ABŞ və İsraili İrana qarşı hərbi hücumlarda ittiham edərək ölkəsinin yalnız özünü müdafiə etdiyini bildirib.
“Biz sadəcə özümüzü müdafiə etdik. Biz terrorçu deyilik”, – deyə İran Prezidenti vurğulayıb.
O, çıxışı zamanı müharibənin ilk günlərində həyatını itirən uşaqların fotolarını da nümayiş etdirərək hücumların mülki əhali üçün ağır nəticələrindən danışıb.
İran lideri ölkəsinin nüvə silahı əldə etməyə çalışması ilə bağlı ittihamları da rədd edib. Pezeşkian Tehranın nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bildirib.

Qeyd edək ki, İran Prezidentinin çıxışı Donald Trampın BMT tribunasından Tehrana ünvanladığı sərt xəbərdarlıqlardan bir gün sonraya təsadüf edib.
ABŞ Prezidenti İranla razılaşma əldə olunmayacağı təqdirdə daha ciddi hərbi addımların atıla biləcəyini bildirmişdi.

Bu arada, Vaşinqton və Tehran arasında diplomatik təmaslar davam edir. Tərəflərin Nyu-Yorkda Qətərin vasitəçiliyi ilə dolayı danışıqlar apardıqları, lakin əsas məsələlər üzrə fikir ayrılıqlarının hələ də qaldığı bildirilir.

