Səudiyyə Ərəbistanında Hörmüz boğazından yan keçməklə neft nəqli üçün istifadə olunan “Şərq-Qərb” neft kəməri hücuma məruz qalıb.
SPA agentliyinin məlumatına görə, hadisə noyabrın 9-da ölkənin qərbində, Mədinə bölgəsində baş verib.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin nümayəndəsi bildirib ki, hücum nəticəsində neft kəmərində kiçikmiqyaslı yanğın yaranıb. Yanğın qısa müddətdə söndürülüb və kəmərin fəaliyyəti pozulmayıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Hücumun kim tərəfindən törədildiyi hələlik açıqlanmayıb.
Qeyd olunur ki, İranın dəstəklədiyi Yəmən husiləri əvvəllər də Səudiyyə Ərəbistanının neft infrastrukturuna pilotsuz uçuş aparatları və ballistik raketlərlə dəfələrlə hücum ediblər.

