Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən güclü partlayış nəticəsində 17 nəfər həlak olub.
Noyabrın 9-da baş verən hadisə zamanı zavodda texniki xidmət və qazanların dəyişdirilməsi işləri aparılırmış.
İzmir valisi Süleyman Elbanın məlumatına görə, ilkin ehtimala əsasən, tavandakı yükqaldırıcı kranın düşməsi nəticəsində bəzi materiallar elektrik qövs sobasına və təbii qaz xəttinə ziyan vurub. Ardınca güclü partlayış baş verib.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları, polis və xilasetmə qüvvələri cəlb edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra ilkin olaraq 16 nəfərin öldüyünü açıqlayıb. Lakin daha sonra yayılan məlumatlarda ölənlərin sayının 17-yə yüksəldiyi bildirilib.
Partlayışla bağlı başlanılan istintaq çərçivəsində 5 nəfər saxlanılıb.
Hadisənin səbəbləri və mümkün təhlükəsizlik qaydalarının pozulması halları araşdırılır.

