Qax rayonunda həyat yoldaşını döyən 60 yaşlı kişi məhkəmə qarşısına çıxarılıb.
Denmedia.az lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Güllük kəndində baş verib.
60 yaşlı Tofiq Səfərov (şərti ad) qeyri-rəsmi nikahda yaşadığı Simuzər adlı qadına (şərti ad) evdə yumruqla xəsarət yetirib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qadından ev işlərini bitirdikdən sonra bağa gələrək fındıq yığmağa kömək etməsini istəyib. Lakin evə qayıdanda onun işləri görmədən yatdığını görüb. Bundan sonra aralarında yaranan mübahisə zamanı qadını vurub.
Zərərçəkən isə başı ağrıdığı üçün yatdığını, bunu ərinə izah edərkən onun tərəfindən yumruqla vurulduğunu bildirib.
Qadın hazırda həyat yoldaşı ilə barışdığını və ondan şikayətçi olmadığını qeyd edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmənin qərarı ilə Tofiq Səfərov bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qərara əsasən, o, müvafiq quruma məlumat vermədən saat 23:00-dan 07:00-dək yaşadığı evi tərk edə və Qax rayonunun hüdudlarından kənara çıxa bilməz.

