Hindistanlı alimlər beyin xərçənginin ən aqressiv növlərindən biri olan qlioblastomanın hüceyrələrini məhv edə bilən yeni kimyəvi birləşmə aşkar ediblər.
Araşdırmanın nəticələri “Journal of Biological Chemistry” elmi jurnalında dərc olunub.
SPK17 adlı maddə xərçəng hüceyrələrində DNT zədələnmələrinin toplanmasına və nəticədə onların məhvinə səbəb olub.
Alimlərin sözlərinə görə, bu maddə hüceyrələrin bölünməsinə nəzarət edən TTK zülalının fəaliyyətini bloklayır. Nəticədə şiş hüceyrələri zədələnmiş DNT ilə bölünməyə davam edir, yaranan pozuntular çoxalır və hüceyrələr məhv olur.
Laboratoriya sınaqlarında SPK17 xüsusilə temozolomid adlı kimyaterapiya preparatına davamlı qlioblastoma hüceyrələrinə qarşı təsirli nəticə göstərib.

Yeni maddə daha aşağı konsentrasiyada belə temozolomidlə müqayisədə təxminən səkkiz dəfə güclü hüceyrə ölümü siqnalı yaradıb.
Tədqiqatçılar SPK17b adlı digər birləşməni də araşdırıblar. Bu maddə hüceyrələrdə zərərli maddələrin toplanmasına səbəb olub və sağ qalan şiş hüceyrələrinin ətraf toxumalara yayılma qabiliyyətini məhdudlaşdırıb.
Alimlər hesab edirlər ki, yeni birləşmələr gələcəkdə kimyaterapiyaya davamlı beyin şişlərinin müalicəsində istifadə oluna bilər.
Lakin nəticələr hələlik yalnız laboratoriya şəraitində əldə edilib. Maddələrin insanlar üçün effektivliyi və təhlükəsizliyi əlavə tədqiqatlarla müəyyənləşdirilməlidir.

