Balqabaq tumu zülal, sink və dəmir tərkibinə görə pekan qozunu üstələyir.
Denmedia.az xəbər verir ki, bu barədə “Health” nəşri məlumat yayıb.
Balqabaq tumunun tərkibində doqquz əvəzolunmaz amin turşusunun hamısı mövcuddur. Sink immun sistemini dəstəkləyir, dəmir isə qırmızı qan hüceyrələrinin yaranması və oksigenin daşınması üçün vacibdir.
Bununla belə, bitki mənşəli məhsullardakı minerallar orqanizm tərəfindən daha çətin mənimsənilir. Balqabaq tumunu C vitamini ilə zəngin qidalarla birlikdə istehlak etmək dəmirin mənimsənilməsini yaxşılaşdırır. Tumu qovurmazdan əvvəl suda islatmaq isə sinkin mənimsənilməsinə kömək edə bilər.

Pekan qozu isə qida liflərinin miqdarına görə balqabaq tumundan üstündür. Belə ki, 28 qram pekan qozu gündəlik lif tələbatının təxminən 10 faizini, eyni miqdarda balqabaq tumu isə 6 faizini qarşılayır. Qida lifləri bağırsaqların normal fəaliyyətini dəstəkləyir və qanda şəkərin səviyyəsinin sabit saxlanılmasına kömək edir.
Hər iki məhsul faydalıdır və gündəlik qidalanmada bir-birini tamamlaya bilər. Onları salatlara, şorbalara, sıyıqlara və evdə hazırlanan qəlyanaltı qarışıqlarına əlavə etmək mümkündür.

