İranda yanvar ayında keçirilən hökumət əleyhinə etiraz aksiyalarından sonra həbs edilən 21 yaşlı Təranə Rəhimi edam cəzasının icrasını gözləyir. Onun əkiz bacısı Romina isə 25 il müddətinə azadlıqdan məhrum edilib.
Denmedia.az xəbər verir ki, bacıların ABŞ-də yaşayan qohumu Məsud Nurməhəmmədi BBC-nin farsdilli xidmətinə müsahibəsində onların saxlanıldıqları müddətdə döyüldüklərini iddia edib.
Nurməhəmmədinin sözlərinə görə, ana qızlarını həbsxanada ilk dəfə görəndə onların üzləri şişmiş, göyərmiş, saçları yolunmuş vəziyyətdə olub. Ana övladlarını yalnız səslərindən tanıya bilib.
O bildirib ki, ayaqlarına aldığı zərbələr səbəbindən Təranə həftələrdir normal yeriyə bilmir. Müalicə olunmamış baş xəsarətinin səbəb olduğu qulaq infeksiyası isə onun müvazinətini pozub.
“Ruhdan düşməməyə çalışır, amma göz yaşlarına boğulduğu günlər də olur”, – Nurməhəmmədi deyib.
Ailənin iddiasına görə, müstəntiqlər Təranəni əkiz bacısına cinsi zorakılıq tətbiq etməklə hədələyərək etiraf sənədini imzalamağa məcbur ediblər. Bacılar etirazlar başa çatdıqdan iki həftə sonra, yanvarın sonunda saxlanılıblar. Ailə üç aydan çox müddətdə onların harada saxlanıldığını öyrənə bilməyib.
Bacılar İsfahanda İslam İnqilabı Keşikçiləri Korpusunun bir üzvünün öldürüldüyü ərazidə keçirilən nümayişlərlə əlaqədar mühakimə olunublar. BBC-nin bir hissəsi ilə tanış olduğu məhkəmə qərarına əsasən, Təranə İran qanunvericiliyində edam cəzası nəzərdə tutulan “müharibə” (moharebə) cinayətində təqsirli bilinib. Sənəddə insanların həyatını təhlükəyə atmaq məqsədilə kəsici alətdən istifadə etmək ifadəsi yer alıb. Romina isə bu cinayətə kömək etməkdə təqsirli bilinərək 25 il həbs cəzasına məhkum edilib.
Hər iki bacı ittihamları rədd edir. Nurməhəmmədi Təranənin əlində kəsici alət olduğuna dair heç bir sübutun olmadığını bildirir.
BMT-nin İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Mai Sato bacıların 10 nəfərin edam cəzasına məhkum edildiyi cinayət işi çərçivəsində mühakimə olunduqlarını, lakin məhkəmə qərarında hansı əməlin kimə aid edildiyinin göstərilmədiyini bildirib.
Satonun sözlərinə görə, bu il yanvar etirazları ilə əlaqədar altı qadın, digər ittihamlarla isə daha üç qadın edam cəzasına məhkum edilib. ABŞ-də yerləşən HRANA insan hüquqları təşkilatının məlumatına görə, bu göstərici 2025-ci ilədək olan on il ərzində oxşar ittihamlarla qadınlara verilən edam hökmlərinin ümumi sayını üstələyir. Həmin dövrdə heç bir il ərzində bu rəqəm üçü keçməyib.
Etirazlarla bağlı edam hökmlərindən üçü sonradan ləğv edilib, iki iş isə yenidən məhkəmə baxışına göndərilib. Sato etirazlarla əlaqədar indiyədək azı 39 nəfərin edam edildiyini bildirib.
Edam cəzasının icrasını gözləyən digər qadınların da həbsxanadan göndərdikləri səs yazıları yayılıb. Hüquq müdafiə təşkilatlarının məlumatına görə, 33 yaşlı inşaat mühəndisi Məhbubə Şəbani yaralı nümayişçiləri daşıdıqdan sonra sentyabrda casusluq qanunvericiliyi əsasında edam cəzasına məhkum edilib.
Məşhəd həbsxanasından göndərdiyi mesajda o, xüsusilə barələrindəki hökm qüvvəyə minmiş məhbusların ağır psixoloji vəziyyətdə olduqlarını bildirib.
Sosial şəbəkədəki paylaşımına görə dini təhqir etmək ittihamı ilə edam cəzasına məhkum edildiyi bildirilən 23 yaşlı Nəcmə Əminiyə aid edilən səs yazısında isə deyilir:
“Nə qədər ki, sağam, bir ümidim var: ömrüm dar ağacında sona çatmazdan əvvəl azad və firavan İranı görmək”.
İranın Londondakı səfirliyi BBC-yə cavabında etirazlarla bağlı məhkəmə işlərində edam hökmlərinin artması barədə iddiaları yanıltıcı adlandırıb və işgəncə iddialarını qəti şəkildə rədd edib. Səfirlik edam hökmlərinin qəsdən adam öldürmə və moharebə ittihamları üzrə çıxarıldığını, təzyiq altında alınan etirafların hüquqi qüvvəsinin olmadığını bildirib.
Dekabrın sonunda iqtisadi narazılıqlar zəminində başlayan etirazlar 1979-cu il inqilabından bəri ölkədə keçirilən ən böyük nümayişlərə çevrilib. HRANA etirazların yatırılması zamanı 7 mindən çox insanın öldürüldüyünü müəyyən etdiyini bildirib. İran hökuməti isə ölənlərin sayının 3 117 nəfər olduğunu açıqlayıb və hadisələrə görə ABŞ ilə İsraili məsul tutur.

