Bakıda sosial şəbəkələrdə avtomobillərin sərfəli şərtlərlə kreditə satılması adı altında vətəndaşlara qarşı dələduzluq edilib.
Bu barədə Denmedia.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “TikTok”da avtosalon adı ilə yaradılan səhifədə müxtəlif markalı avtomobillərin ucuz qiymətə, ilkin ödənişsiz və yalnız şəxsiyyət vəsiqəsi əsasında kreditlə satıldığına dair elanlar yerləşdirilib.
Elanlarla maraqlanan vətəndaşlar səhifə vasitəsilə əlaqə saxlayaraq avtomobillər barədə məlumat alıblar. Daha sonra onlardan beh və ilkin ödəniş adı ilə müxtəlif məbləğlərdə pul tələb olunub.
Avtomobil almaq ümidi ilə göstərilən bank kartına pul köçürən vətəndaşlar qısa müddət sonra ya bloklanıblar, ya da onların zəng və mesajları cavabsız qalıb.
Aldadıldıqlarını anlayan şəxslər polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluqda şübhəli bilinən N. Əlizadə müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
“Vətəndaşlara bir daha müraciət edirik ki, sosial şəbəkələrdə “yalnız şəxsiyyət vəsiqəsi ilə avtokredit” və “ilkin ödənişsiz avtomobil” vədləri ilə yayılan elanlara qarşı diqqətli olsunlar. Satıcının kimliyini və elanın həqiqiliyini yoxlamadan, avtomobilə, onun sənədlərinə baxmadan beh və ya ilkin ödəniş adı ilə pul köçürməsinlər. Belə hallarla üzləşdikdə dərhal polisə müraciət etmək tövsiyə olunur”, – DİN-in məlumatında qeyd edilib.

