Rusiyalı filosof və siyasi nəzəriyyəçi Aleksandr Duqin Avropanın gələcəyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Denmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Duqin Avropanın Rusiyaya qarşı müharibə aparmaq məqsədilə avtoritar idarəetmə formasına keçə biləcəyini iddia edib. Onun fikrincə, qitə gələcəkdə Ukraynanın üzləşdiyi vəziyyətə bənzər vəziyyətlə qarşılaşa bilər.
Yayımlanan şərhdə Ukraynanın Avropanın bir hissəsi olması ilə bağlı yanaşmanın əks istiqamətdə dəyişə biləcəyi irəli sürülüb. Duqinin fikrincə, Avropa ilə Rusiya arasında birbaşa müharibə başlayacağı təqdirdə Avropa ölkələri ənənəvi həyat tərzindən imtina edə bilərlər.
O, mümkün müharibə şəraitində Avropa ölkələrinin demokratik idarəetmədən uzaqlaşaraq faşist siyasi modelinə keçə biləcəyini iddia edib. Duqin Ukraynadakı mövcud idarəetmə formasına dair öz baxışlarından çıxış edərək oxşar siyasi transformasiyanın Avropada da baş verə biləcəyini bildirib.
Avrasiyaçılıq ideyaları ilə tanınan Aleksandr Duqin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyən şəxslərdən biridir. Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən siyasəti dəstəklədiyinə görə Duqini 2022-ci il oktyabrın 6-da sanksiya siyahısına daxil edib.

