40 yaşdan sonra maddələr mübadiləsi kəskin şəkildə yavaşlamır, lakin orqanizmdə müəyyən dəyişikliklər baş verir.
Denmedia.az xəbər verir ki, bunu “Mediçina” klinikasının həkim-dietoloqu Maryana Cutova “Lenta.ru”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, bu yaşda əzələ kütləsi azalır, fiziki aktivlik zəifləyir və hormonal fon dəyişir. Nəticədə insanın alışdığı qidalanma rejimi orqanizmin enerji tələbatını üstələyə bilər ki, bu da arıqlamağı çətinləşdirir.
“Əzələ kütləsi tədricən azalır, fiziki aktivlik səviyyəsi aşağı düşür, hormonal fon dəyişir. Qadınlarda menopauzaya keçid dövrü və menopauza xüsusilə mühüm rol oynayır. Nəticədə orqanizm daha az enerji sərf edir. Lakin çəki artımı heç də həmişə maddələr mübadiləsinin yavaşlaması ilə bağlı deyil. Stress, dərman preparatları və qalxanabənzər vəzin fəaliyyətindəki pozuntular da bədən çəkisinə təsir göstərir”, – həkim bildirib.
Dietoloqun sözlərinə görə, maddələr mübadiləsini sürətləndirən möcüzəvi üsullar axtarmaqdansa, orqanizmin enerjidən daha səmərəli istifadə etməsinə kömək etmək vacibdir. İlk növbədə əzələ kütləsini qorumaq lazımdır. Həftədə iki-üç dəfə güc məşqləri etmək, piyada gəzmək və gündəlik fiziki aktivliyi qorumaq yorucu kardio məşqlərindən daha faydalı ola bilər.

“40 yaşdan sonra yol verilən əsas səhvlərdən biri gündəlik kalori qəbulunu kəskin azaltmaqdır. Sərt pəhrizlər və aclıq əzələ kütləsinin azalmasına, yorğunluğa və sonradan yenidən kökəlməyə səbəb olur. Orqanizmin balanslı qidalanmaya, kifayət qədər zülala, tərəvəzə, qida liflərinə və faydalı yağlara ehtiyacı var”, – Cutova qeyd edib.
Fasiləli oruc, az karbohidratlı pəhrizlər və kalori hesablanması arıqlamağa kömək edə bilər. Lakin bu üsulların heç biri maddələr mübadiləsini yenidən işə salmır. Nəticə seçilən qidalanma rejiminə sağlamlığa zərər vermədən əməl etməyin mümkün olub-olmamasından asılıdır. 40 yaşdan yuxarı insanlar üçün universal pəhriz mövcud deyil.
Keyfiyyətli yuxu və istirahət də mühüm əhəmiyyət daşıyır. Davamlı yuxu çatışmazlığı iştahanı artırır və qidalanmaya nəzarəti çətinləşdirir.
Həkim heç bir aşkar səbəb olmadan çəki artımı müşahidə edildikdə mütəxəssisə müraciət etməyi, qalxanabənzər vəzin fəaliyyətini, qanda qlükoza səviyyəsini və lipid profilini yoxlatdırmağı tövsiyə edib. Qadınlara isə menopauza ilə bağlı dəyişiklikləri nəzərə almağı məsləhət görüb.
“40 yaşdan sonra arıqlamaq həqiqətən çətinləşir, lakin orqanizminiz sizə qarşı işləmir. Əsas məqsəd ac qalmaq deyil, əzələ kütləsini qorumaq, düzgün qidalanmaq, kifayət qədər yatmaq və aktiv həyat tərzi sürməkdir. Davamlı nəticə illərlə əməl edə biləcəyiniz vərdişlər sayəsində əldə olunur”, – dietoloq fikrini yekunlaşdırıb.

