Misirin paytaxtı Qahirədə neft məhsulları daşıyan tankerin aşaraq alışması faciəyə səbəb olub. Alovların dairəvi yolda hərəkət edən digər nəqliyyat vasitələrinə keçməsi nəticəsində azı 31 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.
Denmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə noyabrın 25-də axşam saatlarında Qahirənin qərbində, Giza vilayətinin Əl-Vərraq bölgəsində baş verib.
İdarəetmədən çıxan tanker beton maneələrə çırpılaraq aşıb və güclü yanğın başlayıb. Qısa müddətdə yayılan alovlar yolda hərəkət edən avtomobilləri və motosikletləri əhatə edib.

Hadisə yerinə çoxsaylı yanğınsöndürənlər, tibb işçiləri və təhlükəsizlik qüvvələri cəlb olunub. Misirin Səhiyyə Nazirliyinin məlumatına görə, xilasetmə əməliyyatında 39 təcili tibbi yardım avtomobili iştirak edib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, tibb müəssisələrinin fövqəladə hallara hazırlıq səviyyəsi yüksəldilib.
Yanğın nəticəsində dairəvi yola ciddi ziyan dəyib. Misir Baş Prokurorluğunun ilkin məlumatına əsasən, 27 nəqliyyat vasitəsi yanğından zərər görüb. Təhlükəsizlik qüvvələri yolu nəqliyyatın hərəkətinə bağlayıb, sürücülər alternativ marşrutlara yönləndirilib.

Baş Prokurorluq qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb. Şəxsiyyəti hələ müəyyən edilməyən həlak olmuş şəxslərin kimliyinin dəqiqləşdirilməsi məqsədilə DNT ekspertizası aparılır.

