Qida rasionunda əlavə şəkərin yüksək miqdarda olması qadının hamilə qalmasına birbaşa mane olan amil deyil. Uşaq sahibi olmaq imkanına bir sıra amillər təsir göstərir.
Denmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə psixoloq və qidalanma üzrə mütəxəssis Anna Slip NEWS.ru-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, müşahidə xarakterli tədqiqatlarda həddindən artıq şəkər istehlak edən qadınların bir menstrual dövr ərzində hamilə qalmaq ehtimalının nisbətən aşağı olduğu müəyyən edilib. Digər araşdırmalarda isə qida rasionunun yüksək qlikemik yükü ilə ovulyasiya pozuntularından qaynaqlanan sonsuzluq riski arasında əlaqə olduğu göstərilib.

“Lakin bu, problemlərin məhz şəkərdən qaynaqlandığını sübut etmir. "Tort yedi, testosteron səviyyəsi yüksəldi, yumurtalıqların normal fəaliyyəti pozuldu" yanaşması məsələyə həddindən artıq bəsit baxışdır. Hamiləliyin baş tutması hər iki tərəfin yaşından, sağlamlıq vəziyyətindən və həyat tərzindən asılıdır”, – mütəxəssis deyib.
Anna Slip hesab edir ki, qadınları şirniyyata olan maraqlarına görə hamiləliklə bağlı problemlərdə günahlandırmaq düzgün deyil.
“Şirniyyat sevən qadınları demoqrafik böhrana görə günahlandırmaq humanist yanaşma deyil. Halbuki hazırda bəzi kütləvi informasiya vasitələrində məhz bu cür materiallara rast gəlinir. Hamilə qala bilməyən qadın onsuz da bu vəziyyəti ağır keçirə bilər. Yediyi hər şirniyyata görə onu qınamaq yalnız günahkarlıq hissini artırır”, – deyə o qeyd edib.
Mütəxəssis vurğulayıb ki, bununla yanaşı, hər bir qadın öz qidalanma vərdişlərinə məsuliyyətlə yanaşmalıdır. Artıq çəkisi olan və hamilə qalmaqda çətinlik çəkən qadınlara mütəxəssisə müraciət etmək, qida rasionundakı əlavə şəkərin, şirin içkilərin, un məmulatlarının və digər tez mənimsənilən karbohidrat mənbələrinin miqdarını qiymətləndirmək tövsiyə olunur.

