Son 10 ay ərzində “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycan üzərindən həyata keçirilən tranzit yükdaşımalarının həcmi 25 faiz artıb.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Həştərxanda keçirilən beynəlxalq nəqliyyat forumunda bildirib.
Diplomatik nümayəndəliyin “Telegram” kanalında yayılan məlumata görə, tranzit yükdaşımalarının ümumi həcmi 2,26 milyon tona çatıb.
Bu müddət ərzində dəmir yolu ilə yükdaşımalarının həcmi 40 faizdən çox, avtomobil nəqliyyatı ilə yükdaşımalarının həcmi isə 18 faiz artıb.
Diplomat “Şimal–Cənub” nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafında Bakının mühüm rolunu, eləcə də regionda nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi baxımından Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulayıb.
“Ümumi vəzifəmiz nəqliyyat infrastrukturunun əlaqələndirilmiş şəkildə inkişafını təmin etmək, beynəlxalq daşımaların davamlı artımı üçün etibarlı və səmərəli şərait yaratmaqdır”, – səfir qeyd edib.

