Sumqayıt şəhərində yerləşən iri ticarət mərkəzlərindən birində güclü yanğın hadisəsi baş verib.
“Den.az” xəbər verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən və sakinlər arasında geniş tanınan Sumqayıt Ticarət Mərkəzində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yanğın ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən geyim mağazalarından birində başlayıb. Qısa müddətdə alov digər obyektlərə keçmək təhlükəsi yaradıb və bu səbəbdən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Ərazidə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb.
İlkin məlumata əsasən, yanğının qarşısı operativ şəkildə alınıb.Yanğın nəticəsində bir neçə geyim mağazasına ciddi maddi ziyan dəyildiyi iddia olunub.Xoşbəxtlikdən xəsarət alan və ya həyatını itirən olmayıb.
Yanğının ilkin səbəb kimi elektrik naqillərində baş vermiş qısaqapanma göstərilir. Lakin yanğının qəsdən törədilib , törədilmədiyi haqda mütəxəssislərin keçirdiyi ekspertiza nəticəsində müəyyənləşəcək.
Hadisə nəticəsində ticarət mərkəzində müvəqqəti olaraq fəaliyyət dayandırılıb və əraziyə giriş məhdudlaşdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları və FHN-in aidiyyəti qurumları tərəfindən araşdırma aparılır.