Bakı-Quba yolunda baş verən dramatik hadisə hər kəsi təsirləndirib.
Den.az-ın qaynar xəttinə gələn məlumatda bildirilir ki, Yol polisi əməkdaşlarının vaxtında və peşəkar müdaxiləsi nəticəsində bir qadının həyatı xilas edilib.
Hadisə yerindən alınan məlumatlara görə, Saray Postunda bir taksi sürücüsü böyük bir narahatlıqla YPX əməkdaşlarına yaxınlaşaraq onlardan yardım istəyib.
"Xahiş edirəm, kömək edin! Taksi ilə gedən qadının vəziyyəti qəflətən pisləşib," - deyə sürücü təlaşla bildirib.
Məlum olub ki, iki qızı ilə birlikdə ana özünü birdən pis hiss etməyə başlayıb. Təhlükənin ciddiliyini anlayan vətəndaşlar dərhal yaxınlıqda xidmət aparan 99-YP-756 nömrəli polis avtomobilinə müraciət ediblər. Polis əməkdaşları dərhal vəziyyəti qiymətləndirərək, qadını taksi sürücüsünü müşayət etməklə ən yaxın xəstəxanaya çatdırmaq üçün dərhal hərəkətə keçiblər. Yol boyu vəziyyətə nəzarət edən əməkdaşlar, qadının təhlükəsiz şəkildə tibbi yardıma çatdırılmasını təmin ediblər.
Bu hadisə, yol polisi əməkdaşlarının yalnız qayda-qanunların icrasında deyil, eyni zamanda insan həyatının qorunmasında da nə qədər əhəmiyyətli bir rol oynadığını bir daha göstərib.
Xəstəxanadan verilən ilkin məlumatlara görə, qadının vəziyyəti stabil olaraq qiymətləndirilir və o, həkimlərin nəzarəti altındadır.
Bu cür hadisələr, ictimaiyyətin yol polisi əməkdaşlarına olan etimadını daha da artırır. Onların göstərdiyi bu cəsarət və fədakarlıq, hər birimizin qəlbində dərin minnətdarlıq hissi oyadır.
Məlumat üçün bildirək ki, ərazidə xidmət aparan Əli Cavadov və Ruslan Ramizoğlu adlı YPX əməkdaşları olduğu bildirilir.
Nizami Rəsulov
Den.az