Abşeron rayonunda güclü yanğın hadisəsi baş verib.
Denmedia.az-ın məlumatına görə, yanğın Saray qəsəbəsi ərazisində, Duz gölünün yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, alov sürətlə yayılaraq geniş ərazini əhatə edib. Ətrafda olan quru otlaq və kol-kosun çoxluğu yanğının daha da böyüməsinə səbəb olub. Hazırda yanğın yaşayış evlərinə yaxın məsafədədir və alovun məhəllələrə keçməsi təhlükəsi var.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Əraziyə bir neçə texnika və canlı qüvvə yönləndirilib. Yanğınsöndürənlər alovun yaşayış evlərinə çatmasının qarşısını almaq üçün gərgin mübarizə aparırlar.
Ərazidə yaşayan sakinlər təhlükəsizlik məqsədilə hadisə yerindən uzaqlaşdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yanğının dəqiq səbəbi və dəymiş ziyanın miqyası araşdırmalardan sonra bəlli olacaq.
Məsələ ilə bağlı rəsmi qurumlardan əlavə açıqlama gözlənilir. Hazırda ərazidə vəziyyət nəzarət altına alınmağa çalışılır.
Ellada Rəsul