Xəbər verdiyimiz kimi, Abşeronda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“DenMedia.az”-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza Saray-Novxanı yolunda qeydə alınıb.
İlkin məlumata əsasən, Elşad Həsənovun idarə etdiyi “Honda” markalı, 77 EL 125 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Sürücü Elşad Həsənov açıqlamasında bildirib ki, qaranlıq səbəbindən piyadanı görməyib:
> “Yolda heç bir işıqlandırma yoxdur. Piyada qəfil qaranlıqdan qaçaraq yolun ortasına çıxıb. Mənim avtomobili saxlamağa imkanım olmadı”.
Hadisə şahidi Oruc Hüseynov isə qeyd edib ki, qəzanın əsas səbəbi yolun işıqlandırılmaması və piyadanın məsuliyyətsizliyi olub:
> “Sürücünün günahı yoxdur. Yaxınlıqda piyada keçidi var idi, amma dünyasını dəyişən gənc yolu fərqli istiqamətdən qaçaraq keçməyə cəhd etdi. Qəza qaçılmaz oldu”.
Hadisə yerinə dərhal Yol Polisi Şöbəsinin və Abşeron Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
DenMedia.az