Abşeron rayonunun Saray-Novxanı avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Den.az xəbər verir ki, 99 SY 731 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı minik avtomobilinin qarşısına qəfil çıxan iri buynuzlu heyvan – boğaz inəyi vurması nəticəsində qəza baş verib. Zərbənin gücündən heyvanın ayaqları və bel sümüyü qırılıb. Qəza nəticəsində nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Zərbədən sonra avtomobil ciddi deformasiyaya uğrayaraq tamamilə yararsız hala düşüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilib.
İlkin ehtimallara görə, qəzanın baş verməsinə əsas səbəb yolun işıqlandırılmamasıdır. Sürücü yolun qaranlıq olması səbəbindən heyvanı vaxtında görərək manevr edə bilməyib. Həmçinin, ərazidə vəhşi və ya nəzarətsiz buraxılmış heyvanların hərəkətinin qarşısını almaq üçün qoruyucu tədbirlərin olmaması vəziyyəti daha da ağırlaşdırıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri ekspertizanın nəticəsindən sonra müəyyənləşdiriləcək.