Abşeron rayonunun Masazır qəsəbəsində sahibsiz itlər ciddi təhlükə mənbəyinə çevrilib.
Bu barədə DenMedia.az-a sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, son günlər küçələrdə sürü halında gəzən itlərin sayı xeyli artıb. Bu vəziyyət, xüsusilə səhər və axşam saatlarında məktəbə gedən uşaqlar və işə tələsən insanlar üçün qorxu doğurur. Sakinlər bildirirlər ki, itlər əsasən qəsəbənin yaşayış massivlərində, məktəb və marketlərə yaxın ərazilərdə dolaşır. Onların bir neçə dəfə insanlara hücum etməsi barədə məlumatlar da var. Uşaqlar məktəbə valideyn müşayiəti olmadan gedə bilmir, yaşlı insanlar isə küçəyə çıxmaqdan çəkinirlər.
Sakinlər bu problemin uzun müddətdir davam etdiyini və müvafiq qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Onların sözlərinə görə, müvəqqəti tədbirlər görülsə də, vəziyyət yenidən əvvəlki halına qayıdır.
Abşeron Rayon İcra Hakimiyyətindən XəzərXəbərə bildirilib ki, bir müddət öncə Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin yaradılması üçün torpaq sahəsinin ayrılması və tikintinin aparılması ilə bağlı qanunvericiliyə müvafiq olaraq sənədləşmə işlərinə başlanılıb. Buna paralel olaraq tərəfimizdən mütəxəssislərin rəyi nəzərə alınmaqla, o cümlədən borbaşa iştirakı ilə mərkəzin layihəsi hazırlanmışdır. Hal-hazırda sənədləşmə işləri son tamamlanma mərhələsindədir. Gələn ilin birinci yarısında işlərin görülməsi planlaşdırılmışdır. Buna baxmayaraq Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürülüb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir.