Son dövrlərdə Sumqayıt şəhərində sahibsiz küçə itlərinin sayının sürətlə artması ciddi narahatlıq doğurur.
Den.az xəbər verir ki, xüsusilə 27 nömrəli məktəbin qarşısında vəziyyət olduqca acınacaqlıdır.
Küçələrdə sürü halında gəzən vəhşi itlər, yalnız azyaşlı uşaqlar üçün deyil, həm də övladlarını məktəbə aparan valideynlər üçün təhlükə yaratmaqdadır. Belə bir vəziyyətin yaranması şəhər sakinləri arasında həyəcan və narahatlığı artırır.
Çoxsaylı şikayətlərə baxmayaraq, problemin həlli istiqamətində konkret addımlar atılmaması, vəziyyəti daha da çətinləşdirir. İnsanlar hər gün bu küçələrdən keçərkən qorxu içindədirlər, çünki itlərin hücumuna məruz qalma ehtimalı hər zaman var. Elə sözügedən 27 nömrəli məktəbin müəllimləri də vəziyyətin olduqca təhlükəli həddə çatdığını bildirir.
Valideynlər, öz övladlarının təhlükəsizliyini təmin etmək üçün bəzi tədbirlər görmək məcburiyyətində qalırlar. Uşaqların məktəbə gedərkən tək qalmamaları, mümkün hallarda valideynlərin onları müşayiət edərək əllərində dəyənəklə gəzirlər. Sumqayıt şəhər İcra Hakimiyyətindən DenazTv-yə bildirilib ki, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davamlı olaraq sahibsiz itlərin toplanaraq uyğun sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir. Eyni zamanda sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlara bu işlərin daha da intensivləşdirilməsi üçün tapşırıq verilib.
Qeyd edək ki, sahibsiz itlərin toplanılması, sığınacaqlara yerləşdirilməsi və peyvəndlənməsi işlərində könüllülərin fəal iştirakı da təmin edilib.