BBC News yazır ki, Hollandiyada 2004-cü ildə sahildə tapılan qadın qalıqlarının kimliyi 21 ildən sonra müəyyənləşdirilib.
Araşdırmalar nəticəsində məlum olub ki, qalıqlar 35 yaşlı alman vətəndaşı Eva Mariya Pommerə məxsusdur. Onun meyiti Vassenar kəndi yaxınlığındakı çimərlikdə aşkarlanmış, lakin uzun illər kimliyi açıla bilməmişdi.
İş yalnız beynəlxalq “Məni tanı” (Identify Me) əməliyyatına daxil edildikdən sonra yenidən araşdırılıb və nəticə əldə olunub.
Hollandiya Milli Polis Komissarı Yanni Knol bildirib:
“Hollandiya və Almaniya detektivlərinin inadkarlığı sayəsində daha bir qadın adını geri aldı.”
Pommerin ölüm səbəbi hələ də naməlumdur. O, zorakılıq izləri olmadan qumlu sahədə tapılıb. Onun üzərində xallı leggings və parlaq ayaqqabılar olub — bu isə çimərlik gəzintisi üçün qeyri-adi geyim sayılır.
Qadının əşyaları arasında Almaniyanın Bottrop şəhərindəki mənzilinin açarları da aşkarlanıb.
2023-cü ildə başlayan “Identify Me” əməliyyatı artıq Avropanın müxtəlif ölkələrində sirli şəkildə ölən dörd qadının kimliyini müəyyənləşdirməyə kömək edib.