Braziliyalı bank hesablarına giriş əldə etmək üçün anasının barmağını kəsib. Bu barədə "Metropoles" qəzeti məlumat verir.
San-Paulu ştatında 28 yaşlı hüquq fakültəsinin tələbəsi Maurisio Qonsalveş Qarsia həbs edilib. İstintaqın versiyasına görə, o, 61 yaşlı anası Eliyana Roşelin barmağını kəsərək onun mobil telefonu vasitəsilə bank hesablarına daxil olmaq istəyib.
Hadisə günü ailə üzvləri arasında mübahisə baş verib və Maurisio anasını itələyib. Qadın başı ilə zərbə alaraq huşunu itirib. O, anasını divanda huşsuz vəziyyətdə qoyub və təcili yardım çağırmadan evdən çıxıb.
İki gün sonra geri qayıdanda qadının həyat əlaməti göstərmədiyini görüb, cəsədi çarşafa bükərək avtomobilin baqajına qoyub, boş əraziyə aparıb və avtomobili yandırıb.
Sonrakı on gün ərzində Maurisio adi həyatını davam etdirib, anasının mobil telefonundan istifadə edib və şübhə yaratmamaq üçün mesajlara onun adından cavab verib. Polis onu yanacaqdoldurma məntəqəsini qarət etdikdən sonra saxlayıb. Hazırda şübhəli həbsdədir, istintaq davam edir.

