Ağdaşda bıçaqlanma hadisəsi baş verib.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə dekabrın 3-də gecə saat 23 radələrində Ağdaş şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, 30 yaşlı Arzu Səfərli (kişi) 24 yaşlı Nicat Qafarovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin operativ müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Zərərçəkənin anası Pərvanə Abbasova, oğlunun aldadılaraq sözügedən qadınla ünsiyyətə cəlb edildiyini düşünür:
“Övladıma o qadın dəfələrlə mesaj yazıb, onu müxtəlif bəhanələrlə yanına çağırıb. Bir dəfə isə həmin qadının yoldaşı yazıb ki, ona bulka alsın. Uşağım da aparıb verib. Daha sonra qızın yoldaşı oğlumu pedməktəb tərəfdə ağacın altında bıçaqlayıb. Altı bıçaq vurub. Hazırda Mingəçevirə aparıblar, daxili orqanlara zərər dəyib-dəyməməsi yoxlanılır. Oğlum ailəlidir, iki uşağı var. Bu qadın onun sadəlövhlüyündən istifadə edib. Oğlum iki aydır taksi sürücüsü işləyir. Dostları gecə onun çığırdığını eşidib tapıblar. Kəmərini çıxarıb qanaxmanın qarşısını alıblar. 2 litrədək qan itirib. Xəstəxanaya çatanda ağır kritik vəziyyətdə idi, 24 saat vaxt vermişdilər. Ayılıb, amma vəziyyəti yenə də ağırdır”.
Ağdaş RMX-nın həkimi Bəxtiyar Paşayev hadisəylə bağlı məlumat verib:
“04.12.2025-ci il tarixində saat 00:00 radələrində 2003-cü il təvəllüdlü şəxs çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub. Qarın ön divarında və bud nahiyəsində çoxsaylı yaralar aşkarlanıb. Zəruri tibbi xidmətlər göstərilib. Hal-hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir və vəziyyəti orta ağırdır.”
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
Aqil Əsədov
Denmedia.az

