Almaniya gömrük əməkdaşları Frankfurt-am-Mayn hava limanında qanunsuz şəkildə daşınan 11 mindən çox brilyant aşkar ediblər. DPA agentliyinin gömrük və federal polisə istinadən verdiyi məlumata görə, qiymətli daşlar Anqoladan gələn sərnişinin əl yükündə tapılıb.
Hadisə yoxlama zamanı baş verib. Sərnişin brilyantları bəyannamədə göstərməyib və onların qanuni mənşəyini və mülkiyyətini təsdiqləyən sertifikatlar təqdim edə bilməyib.
“Frankfurt hava limanında gömrük əməkdaşları səyahətçinin əl yükündə 11,2 mindən çox brilyant aşkar ediblər. Daşlar ikiqat dibdə gizlədilmişdi. 53 yaşlı kişi Anqoladan Frankfurta uçmuşdu”, — məlumatda qeyd olunur.
Hazırda müsadirə edilən brilyantların ümumi dəyəri dəqiqləşdirilir. Qaçaqmalçılıq faktı aşkarlandıqdan sonra 53 yaşlı sərnişin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

