İstanbulun qərbində, Zeytinburnu rayonunda yerləşən elit yaşayış kompleksində kuryer tərəfindən çatdırılan bağlama partlayıb.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Telekanalın bildirdiyinə görə, kuryerin yaşayış kompleksinin resepsiyasında qoyub getdiyi sifariş qutusu D.X. baş hərfləri ilə tanınan şəxs tərəfindən açılan zaman partlayıb.
Nəticədə həmin şəxs göz və əl nahiyəsindən xəsarət alıb. Hadisə zamanı iki mühafizəçi də yaralanıb. Yaralıların hər üçü xəstəxanaya yerləşdirilib.
Partlayış yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır. Hadisənin səbəbləri və partlayıcı maddənin növü ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

