ABŞ-da Kaliforniya ştatından tanınmış siyasətçi arvadını öldürməkdə ittiham olunur və 10 il ərzində yaxınlarını və istintaqı aldatdığı iddia edilir. Bu barədə New York Post yazır.
Brenda Leon 2015-ci ildə öz evində həyat əlamətləri olmadan tapılıb. Yaxınlıqda aşkarlanan vida məktubuna əsasən istintaq ilkin mərhələdə ölümün intihar olduğu qənaətinə gəlib. Lakin qadının qızları buna inanmayıb və 2021-ci ildə məhkəməyə müraciət edərək analarının ölümündə naməlum şəxsin (sənədlərdə John Doe) günahkar olduğunu bildiriblər.
Yenidən aparılan araşdırma zamanı elektron sübutlar aşkarlanıb və bunlar qızların iddialarını təsdiqləyib. Yanvar ayında ittihamlar onların atası — Michael Anthony Leon barəsində irəli sürülüb. İstintaqın versiyasına görə, Antiok şəhərində mer postuna namizəd olmuş bu siyasətçi arvadını öldürüb, daha sonra isə vida məktubunu və digər sübutları saxtalaşdıraraq şübhələri öz üzərindən yayındırıb.
Polis hazırda istintaqın təfərrüatlarını açıqlamır; bildirilir ki, DNT testləri aparılmayıb, ittihamlar yalnız elektron dəlillərə əsaslanır. Son seçkilər zamanı Leon özünü sadə ailə başçısı kimi təqdim edərək yerli hakimiyyətin səriştəsizliyindən şikayətlənib. O, seçkidə cəmi 1 700 səs toplayaraq sonuncu yeri tutub.
Hazırda Leon həbsdədir. Ona 1 milyon dollar məbləğində girov müəyyən edilib. Təqsiri sübuta yetirilərsə, onu 50 ildən ömürlük həbsə qədər cəza gözləyir.

