Moskvada naməlum şəxs general-leytenant Vladimir Alekseyevi güllələməyə cəhd edib. Bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb. “Kommersant” nəşrinin yazdığına görə, Vladimir Alekseyev Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavinidir. O, 2017-ci ildə Rusiya Qəhrəmanı adına layiq görülüb.
İstintaq Komitəsinin məlumatına əsasən, hücum edən şəxs Volokolamsk şossesi üzərində yerləşən yaşayış binalarından birində Alekseyevə bir neçə dəfə atəş açıb, daha sonra hadisə yerindən qaçıb.
Zərərçəkən paytaxt xəstəxanalarından birinə yerləşdirilib, — deyə qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Vladimir Alekseyev ÇVK Vaqnerin rəhbəri Yevgeni Priqojinin qiyamı zamanı geniş ictimaiyyətə tanınıb. Həmin dövrdə yayılan videoda Priqojinin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun ona təhvil verilməsi tələbinə Alekseyevin gülümsəyərək cavab verdiyi görünürdü.
Həmin vaxt general-leytenant Vladimir Alekseyev Baş Qərargahda ÇVK Vaqnerin kuratoru kimi təqdim olunurdu.

